Dünyada yaşayan azərbaycanlılar Novruz bayramını qeyd edirlər

Bu gün dünyada yaşayan azərbaycanlılar Novruz bayramını qeyd edirlər. GAXA-nın məlumatına görə, bu gün-bu gözəl və mənalı bayram əslində baharın gəlişi, torpağın oyanışı deməkdir. Bu bayramı baba, nənə,cavan, uşaq da sevir və bu yaz bayramında hamı sevinir. Qədim köklərə malik Novruz Bayramı haqqında məşhur şairlər, hətta alimlər öz fikirlərini bildirib, bu bayramın adət-ənənələrindən söz açıb, onun əhəmiyyətini qeyd ediblər. Bu bayramın ən təqdirəlayiq cəhəti odur ki, baba-nənələr, ata və analar, gəlinlər bu bayramı həmişə ən əziz bayram kimi qarşılayaraq, bulaq üstünə getmiş, saf sularda yuyunduqdan sonra Novruz Bayramının gəlişinə dualar oxumuş, ürək sözlərini axar sulara söyləmiş, sonra ailələrdə şənlik düzəldərək bayram münasibətilə hamı ilə bayramlaşmış, bir-birilərini təbrik etmişər. Sonra onlar övladlarına, nəvə-nəticələrinə təzə paltar almış, şirniyyatlarla onların Yeni Gün-Novruz Bayramını təbrik etmişlər.

Novruz Bayramı sülh, əmin-amanlıq, yenilik gətirən bayramdır. Bu bayram bütün müsəlman dünyası tərəfindən qeyd edilir. Bayram dini bayram deyil. Bu bayrama digər millətlər də qoşula bilər və hamı bir-birinin üzünə gülüb sevinc içində şirin təamlardan dadarlar.

Bu bayramın Şərq ənənələrinə məxsus adət-ənənələri bu gün də öz qədimliyinə söykənib və bizim içimizə sevinc, şadlıq yayır, hamını sevindirir, sülhü təbliğ edir.

Biz indi də qədim inanclarımız olan 4 ünsürü - su, od, torpaq və havadan bəhs edən çərşənbələri sevinclə, xüsusi dada malik təamlar bişirərək qeyd edirik. Bayramın gözəl adət-ənənələrinə görə biz ən başlıcası, "Səməni, saxla məni, ildə göyərdərəm səni",- deyib buğdanı isladaraq səməni göyərdər, xonçaların ortasında səmənini süfrələrimizin başına qoyarıq. Sonra uğaq-cavan müxtəlif ənənələri həyata keçirərlər. Qapı pusmaq, papaq atmaq, toqaldan tullanmaq, yumurta döyüşdürmək, əziz insanlarla görüşmək və onların bayramını təbrik etmək üçün qonaq getmək, gülərüzlə qonağı qarşılamaq belə gözəl və yaddaşlara hopan Novruz Bayramı adət-ənənələrimizdəndir.

Biz də Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi (GAXA.ge) olaraq, bütün dünyada yaşayan azərbaycanlıları bu təqdirəlayiq bayram münasibətilə ürəkdən təbrik edir, hamıya sülh, əmin-amanlıq, səadət, xoşbəxtlik, ruzi-bərəkət arzulayırıq!

Novruz Bayramınız mübarək!

GAXA.ge