Yuxarı Saraldan olan Orxan Qələndərov Fransada keçiriləcək komandalararası Avropa çempionatında badminton milli komandasının üzvü olaraq iştirak edəcək

Əslən azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Yuxarı Saral kəndindən olan Orxan Qələndərov 11-16 fevral tarixlərində Fransada keçiriləcək komandalararası Avropa çempionatında kişilərdən ibarət badminton milli komanda heyətinin üzvü olaraq iştirak edəcək. GAXA-nın məlumatına görə, qitə çempionatında Orxan Qələndərov, Səbuhi Hüseynov, Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Cahid Əlhəsənov və Aqil Qəbilov Azərbaycanı təmsil edəcək. Bildirilib ki, bu barədə baş məşqçi Morteza Validarvi qərar qəbul edib. Komanda üzvləri turnirə hazırlığın son mərhələsində Ukrayna və Danimarkada təlim-məşq toplanışı keçəcək. 5-ci qrupda komandanın rəqibləri Almaniya, Çex Respublikası və İslandiya yığmalarıdır. Azərbaycanlılardan ibarət komanda ilk oyununu fevralın 11-də İslandiya millisinə qarşı keçirəcək. Oyunların formatı 3 şəxsi və 2 qoşa görüşdən ibarət olacaq. GAXA.ge