İrakli Qaribaşvili general-polkovnik Zakir Həsənovu qəbul edib

İrakli Qaribaşvili azərbaycanlı həmkarı Zakir Həsənovu Müdafiə Nazirliyində qəbul edib. GAXA-nın məlumatına görə, bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib və nazirlər müdafiə sahəsində strateji tərəfdaşlıq və əməkdaşlıq məsələlərini müzakirə ediblər. "Rəsmi qarşılanma mərasimindən sonra geniş tərkibli görüşdə İrakli Qaribaşvili, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycanın müdafiə nazirinə təşəkkür edib, iki ölkə arasındakı dostluq və qonşuluq münasibətlərinin bölgədə sabitliyə və təhlükəsizliyə zəmanət verdiyini bildirib. İkitərəfli əməkdaşlığın istiqamətləri də müzakirə edilib ", - deyə məlumatda bildirilib. Görüşün sonunda İrakli Qaribaşvili və Zakir Həsənov müdafiə sahəsində 2020-ci il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar. Sonra nazirlər mətbuata açıqlama veriblər. Gürcüstana rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general- polkovnik Zakir Həsənov Tiflisdəki Qəhrəmanlar meydanında Gürcüstanın bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış abidəni ziyarət edərək qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad edib, abidə önünə əklil qoyub. Gürcüstan Müdafiə Qüvvələri Komandanının müavini, general-mayor Zaza Çxaidze də abidənin ziyarət mərasminə qatılıb. GAXA.ge