Zəlimxan Yaqub: “Qələmə, varağa nə demişəm ki...”

... O, telli sazdır. Xoş avazdır. Saz üstə sədəfdir. Saflıq axıb onun damarından. Ömrü boyu gözü təbiətdə gözəllik axtarıb. Sulara baxmaqdan daim saflaşıb, durulaşıb. Bu duruluq, bu saflıq Zəlimxan şeirlərinə hopub. Və bu şeirlər oxuna-oxuna haqqa tərəf, onun işığına tərəf inamla irəliləyib. Bu şeir misraları şairi çəmənlərə, çöllərə aparıb, dağa yollayıb, arana döndərib, dağda çiyələyə bənzədib. Yanağı laləli gözəllərdən ilham ala-ala təbiətin min bir füsunkar gözəlliyinə şeir deyib, söz qoşub şair! Ürəyində inam, mərhəmət, sevgi, məhəbbət könüllərdə yurd salıb, mələklər qonub şairin yurd dərdi, el-oba dərdi, vətən dərdi çəkən çiyinlərinə. O, qələmi ilə şan-şöhrət tapıb. Qələmi ilə Allah kəlamlarını ağ kağız üzərinə hopdurub. “Qələmdir Allahın danışan dili-”deyə öz fikirlərini bildirib. Bununla nə qədər kağıza sözlər, şirin-şirin kəlmələr, xoş kəlamlar yazıbsa, son ucda yenə bu musiqinin son akkordunu şairin özü vurur, son nəqarəti dili ilə deyir: “Qələmə, varağa nə demişəm ki...” Neçə-neçə kitab müəllifi, neçə-neçə azman aşıqların dilində əzbər olan qoşmaların işığına toplaşan dinləyicilər, tamaşaçılar Zəlimxan şeirinin gözəlliyindən, kökünə tapınan şeirlərindən doymayıblar. Heç vaxt da doymayacaqlar... Onun haqqında çox sözlər deyilib. Hələ neçə-neçə xoş niyyətli sözlər deyiləcək. ... Onu yaşadan sözdür, sazdır. Bir də ki, Azərbaycan, Borçalı... neçə-neçə türk ellərimiz. Bunu Xalq şairinin əsərlərini oxuyanda duyuruq. Fikrin sərhədi yox, eşqin sahili, Dərələr bəmidir, zirvələr zili, Qələmdir Allahın danışan dili, Qələmə, varağa nə demişəm ki... Zəlimxan Fenomendir. Zəlimxan Uca Səsdir. Zəlimxan Torpaqdır. Zəlimxan Vətəndir. Zəlimxan Sözdür-Söhbətdir. Zəlimxan Dünyadır. Zəlimxan Xəyaldır. Zəlimxan Ordudur. Zəlimxan Söz Sərkərdəsidir. Zəlimxan Gücdür-Qüvvətdir. Zəlimxan bütöv Azərbaycanımızdır. Zəlimxan sevimli Borçalımızdır!!! Zəlimxan Sevgidir, Məhəbbətdir, gözəllərə olan sevgiylə şeir yazır, qoşma düzür, qəzəl oxuyur, sinəsinə sıxdığı tavar sazı ahəstə-ahəstə, ürəkləri yandıra-yandıra çalır, pəsdən səslənir, gözəl oxuyur, içimizi yandırır-yaxır... Zəlimxan Sudur, Havadır. O, hər hava ilə oynamır, o, hər havanı sazda dilləndirmir. Onun öz tamaşaçısı, öz dinləyicisi var. Zəlimxan yazır, yazacaq... Zəlimxan yaşayacaq...Zəlimxan Yaqub ürəklərdə yaşayacaq... Nizami Məmmədzadə, AYB-nin üzvü, Əməkdar jurnalist GAXA.ge