"Vahid Milli Hərəkat" partiyasının üzvü rüşvət ittihamı ilə həbs edilib

Kvemo Kartli Polis İdarəsinin əməkdaşları tərəfindən bu gün Marneuli bələdiyyəsinin deputatı, "Vahid Milli Hərəkat" partiyasının üzvü məhkəmənin qərarı ilə rüşvət ittihamı ilə saxlanılıb. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, bu barədə daxili işlər nazirliyi məlumat yayıb. Bildirilib ki, Marneuli bələdiyyəsinin deputatı Rəhim Əsgərov vətəndaş Ş.M.-dan onu dövlət strukturlarından birinə işə düzəltmək üçün 3.000 lari istəyib və o, məbləğin yarısını öncə alacağını bildirib. Sözləşmədə məbləğin yarısının vaxtı da bildirilib. R. Əsgərov və Ş.M. martın 7-də Marneulidə görüşüblər və Ş.M. 1500 larini R. Əsgərova verib, qalan digər məbləği də martın 20-də R. Əsgərova çatdırıb. Məlumata görə, hüquq müdafiəçiləri R. Əsgərovu mart ayının 28-də Marneulidə hakimin qərarı əsasında saxlayıblar. Bildirilib ki, Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi ilə rüşvət alma faktı üzrə istintaq başlayıb. Polis əməkdaşları faktla bağlı R. Əsgərovun evində axtarış da aparıblar. Qeyd olunub ki, saxalanılan R. Əsgərovu 6 ildən 9 ilə qədər həbs cəzası gözləyir. www.gaxa.ge