Qardabanidə Novruz Bayramı keçirilib

Martın 20-də Gürcüstan prezidenti Salome Zurabişvili Qardabani bələdiyyəsində təşkil edilən Novruz Bayramı şənliyində iştirak edib. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, tədbirdə prezident bələdiyyə sakinlərini Novruz bayramı münasibətilə təbrik edib. Şənlikdə prezident Salome Zurabişvili və Kvemo Kartli qubernatoru Şota Rexviyaşvili, həmçinin, mərkəzi və yerli hakimiyyət orqanlarının nümayəndələri mədəniyyət və istirahət parkında bayram tonqalını alovlandırıblar. Tədbirdə at yarışması keçirilib, eyni zamanda Qardabanidə yaşayan və fəaliyyət göstərən gənc rəssamın sərgisi keçirilib. Tədbirdə bölgə qubernatoru Şota Rexviaşvili çıxış edərək Novruz Bayramı münasibətilə yerli əhalini və qonaqları təbrik edib və Gürcüstan və Azərbaycan xalqlarının dostluq əlaqələrinə böyük əhəmiyyət verib. Dövlət nümayəndəsi qeyd edib ki, Kvemo Kartli regionu müxtəlif etnik mənşəli vətəndaşlar ilə birlikdə illərlə sülh və bərabərlik mühitində yaşayır. Bu, həmrəyliyin və tolerantlığın ən yaxşı nümunəsidir. Tədbirdə çıxış edən prezident Salome Zurabişvili dövlət dilinin öyrədilməsindən, tədrisin keyfiyyətlə həyata keçirilməsindən və inteqrasiyanın zəruriliyindən danışıb. Novruz bayramı çərçivəsində yerli hökumət nümayəndələri və qonaqların iştirak etdiyi müxtəlif mədəni tədbirlər və gala konserti keçirilib. www.gaxa.ge