“Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya xanıma məktub

Bu məktubu soyuq qış günlərinin birində sənə yazıram, Maya xanım. Hava çox soyuqdur, lakin ruhən, mənən və bütün varlığıyla Gürcüstana bağlı olan bir insan haqqında yazdıqca mənə soyuq təsir etmir. Sən özünün saf davranışın ilə cəmiyyətdə sevilən, sevindirən, xeyriyyəçi əməllərilə tanınan insansan. Bu sözləri mən elə-belə demirəm. Bu sözlər illərin süzgəcindən keçərək bu günümüzə gəlib çatıb. Sənin xeyirxah əməllərin qocanı da, cavanı da, uşağı da sevindirib. Çünki sən hamını sevindirməyə, hamıya qayğı göstərməyə, hamıya diqqət edərək çalışırsan. Haqqında fikirlərimi həmişə, hər yerdə söyləməyə hazıram. Sən doğrudan da qayğıkeş və cəmiyyətin içində özünü sevdirən və vüqarla gəzən bir şərəfli xanımsan. Hərdən gec-gec görüşəndə sanki düşünürəm ki, məndən nədənsə inciyibsən. Amma bir an sonra özümə gəlirəm və düşünürəm ki, qəlbi saf, düşüncəsi düzgün və ürəyində insanlığa, dostluğa xoş ünsiyyət, sevgi olan bir təvazökar insan məndən inciməz! Maya xanım mənə söylədiyi bədxah insanların alayarımçıq səsləndirdiyi qara fikirlər haqqında düşünürəm. Düşünürəm ki, yaşadığın neçə illər boyu çətinlik çəkibsən. Sənə ağız büzənlər də olub, sənin addımladığın şərəfli yolundan çəkindirmək istəyənlər də olub. Məqsədlərinə çatmayan fəndgir insanlar da olub. Mən onların adını çəkmək barədə heç düşünmürəm. Fikirimcə, onları Maya xanım Allaha tapşırıb. Allah isə kimin doğru-düzgün yolda olduğunu yaxşı bilir. Maya xanım, artıq 4 ildir ki, “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinə rəhbərlik edirsən. Mən dəfələrlə hazırladığın müsbət yönümlü tədbirlərdə iştirak etmişəm və hər zaman da sənin tədbirlərinə sevinclə qatılmışam. Çalışdığın cəmiyyəti sənin kimi istiqamətləndirməyi heç kim bacarmaz. Sən insan psixologiyasını yaxşı bilirsən. Hərdən dostum, professor Mahmud müəllimlə sənin haqqında söhbətləşirik. Dilimizdən düşmürsən. Mahmud müəllimin də və mənim də son sözümüz “uşaqla, uşaqdır qoca ilə qocadır” sözü olur və biz həmişə səni dəstəkləməyə qərar vermişik. Sənin hər kəlmən və sözün mülayimdir, təskinlik verən fikirlərlə doludur. Maya xanım sənin “düşmənlərin” mənim düşmənimdir. Çünki sənin haqqında kimsə mənfi mənada nəsə danışarsa mən ona cavab verməyə hər an hazıram. Dostlarımızın sənin haqqında söylədikləri müsbət fikirlər daha çoxdur. “Düşmən”lər isə sənin uğurlarına paxıllıq edir və həmin dəqiqə “partlamaq” dərəcəsinə gəlirlər. Sən illər boyu namusla, ədəb-ərkan yolu ilə yaşayan qeyrətli xanımsan. Sən çox sakit, təmkinli və öz işinin yönünü-səmtini bilənsən. Bəzən qara fikirli insanlar səni kədərləndirəndə ürəyinin saflığından gözlərindən yaş tökülür. Mən sanki sənin duyğularını səninlə birgə yaşayıram, Maya xanım. Dəfələrlə cərrahiyyə əməliyyatlarında olubsan. Özünü mərdi-mərdanə “bıçaq” altına salan bir xanımı o öyük Allah da qoruyur. Mən buna bir varlığım kimi inanıram. Çünki bu yolu mən də keçmişəm və mərdi-mərdanə həkimlərin nəzarəti ilə cərrahiyyə dünyasına yol almışam. Amma, o uca Allah səni qoruduğu kimi, məni də qoruyub. Məhz buna görə də biz bütün saflığımızla Tanrımıza minnətdarıq! Hər dəfə səninlə görüşəndə problemlərinin arxasınca qaçmaqdan, qayğı dolu tədbirlərə qatılmağından və öz işinə daha çox aludə olmağından söhbət açırsan. Bəzən sənin uğurlarını qısqanan və Maya Rəcəbovanı istəməyənlərin sayı çox olur. Bəzən elə insanlar olub ki, günlərlə sənin duz-çörəyini yeyiblər, lakin sən onların üzünə qarşı bir söz belə deməyibsən. Amma sənin çətin günlərində onlar sənə arxa durmayıblar. Niyə beləyik biz? Bu sualı sənə verərkən çiyinini çəkib sadəcə “bilmirəm” deyirsən: “Nə qədər yaxşılıq edirəmsə, yenə də o insanlardan qaş-qabaq görürəm. Səbəbini araşdırıram, lakin özümdə səhv addımlar görmürəm”,- deyirsən. Fikirləşmə, Maya xanım! Üzümüzə gələn yeni ilidə də bir çox mənalı tədbirlər həyata keçirəcəyik. “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin bu il həyata keçirdiyi tədbirlər planına baxanda məəttəl qalıram ki, cəmiyyətin sədri Maya Rəcəbovaya Allah o qədər güc verib ki, hələ neçə illər də dolansa onun xeyriyyəçi əməlləri tükənməyəcək və əksinə, aşıb-daşacaq. Var olun, Maya xanım. Üzümüzə gələn Yeni ildə sənə və ailənə xoş günlər, barlı-bəhrəli arzular diləyirəm. Sənə sağlam ömür, hər bir çətinliyin öhdəsindən mərdi-mərdanə gəlməyi arzulayıram! Xüsusilə, anana, hər an sizə dəstək olan o böyük insana təşəkkürümü bilirəm. Bir qayğıkeş insan kimi onun səni necə dəstəklədiyinin, sevdiyinin, narahat olduğunun şahidi olmuşam deyə! Sizə dərin hörmətlə, Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar jurnalisti www.gaxa.ge