Yaxşı şeirin sorağında....

Şeir - Aşıq Cünunun sazının simlərindən qopan həsrət nəğmələridir. O,vətəni, eli,dili sevən hər kəsin dodağından süzülüb gənclərimizi Yurdu, Torpağı, Anaları sevməyə və qorumağa çağırır. Şeir - Allah kəlamlarıdır. Qətrə-qətrə, damla-damla, zərrə-zərrə insanın sirlə-sehrlə dolu beyninə hopur və oradan Günəşin zərrin şəfəqləri kimi aləmə yayılır. Günəş aləmi - təbiəti, dünyanı yaşatdığı kimi, şeir də bizi yaşadır, müqəddəs kəlamlarla dolu bir aləmlə qovuşdurur. Allahın hikmətinə sahib olmaq istəyirsinizsə şer oxuyun,çünki o da Allah kəlamlarıdır. Bu hikməti oxuyanın ürəyi saflaşar,arzuları aşıb-daşar, ümidləri doğrular... Şeir - möcüzədir. Onun möcüzəsindən təskinlik tapan insanlar mənən dincəlir,rahatlıq tapır,hətta yaxşı şeiri oxuyub yatanda da yaxşı yuxular görürlər. Şeir - paklıqdır, təmizlikdir, insanı kamilləşdirən bir Allah vergisidir. Peyğəmbərimiz (s)-da şeiri və şairi qiymətləndirməyi ən böyük savab adlandırmışdır. Çünki şairlər iman yolunda qərar tutmuşlar və daima xalqı imana, birliyə çağıran şəxslərdir. Peyğəmbər (s) demişdir: «Şeir bir sözdür; gözəl olanı da var, çirkin olanı da. Sən gözəlini götür, çirkinini at!»-deyə öz fikirini bildirmişdir. Şeir - bizim görən gözümüz, vuran qolumuz, iti sözümüzdür. O, ildırım tək çaxa bilir, o,ley kimi düşmən üstünə şığıyır. O,bağrı al-qan olan lalə kimi gözəldir, nazlı bir sənəmtək işvəlidir, nazlıdır. Şeir - ömrümüzü artırır. Bizə ruh verir, qida verir. Çörəklə doymaq olar, sözlə doymaq olmaz. Sinəmiz dəmirçi kürəsi kimi yanır, alovlanır. Eşqi, Sevgini söz söndürür, şeir misraları onu ram edir, cilovlayır, sonra isə səkilli səmənd kimi Sevgini hara istəyirsən yönəlt, çevir, çap... Şeir - köhlən atın yalmanına yata-yata, çapa-çapa gedəndə üzünə dəyən, səni hər an sığallayan küləkdir. Şeir - Vətəni qorumağa gedən igidin el-oba, torpaq, ailə barəsində düşüncələridir. O, daima əsgəri ruhlandırır, ona qarşıda düşmən, arxada Vətən, Ana, Torpaq olduğunu xatırladır. Bir də gördün əsgərin dilindən Vətən duyğulu kəlmələr süzülüb gəldi. Həzin-həzin, kövrək-kövrək... Oğul istərəm ki, bu həsrət nəğmələrindən güc almaya... Şeir - bulağın saf gözündən axaraq, al qayalardan süzülərək, gül-çiçəyin ətir dolu qoynuna axan dumduru Sudur. Sərin-sərin torpağa hopan, ovuclarımızı qoşa-qoşa doldurub oxqay deyə içdiyimiz Su! Böyük Nizami demişdir: Sözün də su kimi lətafəti var, Hər sözü az demək daha xoş olar!.. Qəlbimin dərinliyindən həmişə bir sual boylanır, görəsən, şeiri mənimsəyən, duyan, qavrayan insanlar necə olur? Əsl insan - şeir sevəndir. Yadınızdadırmı, «Koroğlu» dastanında Koroğlu qul ərəbi özünə dəli götürəndə Dəmirçioğluna deyir ki, sən bir bu qulun qollarını tut, mən saz çalacağam, əgər ona mənim çaldığım saz, oxuduğum söz təsir etdimi, ondan Koroğlu dəlisi çıxacaq. Yoxsa... Bax, söz də belədir. Koroğlu məclislərində söz söylənilərdi, gözəllər tərif olunardı, onları Çənlibelə gətirmək üçün say-seçmə igidlər bəllənərdi, sonra şirin badə içib səfərə yollanar, döyüşə-döyüşə dava edərək Çənlibelə gəlin gətirərdilər. Aşıq Cünun saz çalar, qırx gün, qırx gecə toy vurulardı... Şeir - həmişə sızıldadan, kövrəldən və ağladan Şəhid nəğmələridir. Elə nəğmələr ki, ömrümüz boyu bizi için-için ağladır və odsuz-ocaqsız yandırır... Yanan alovun hər dilimi də şerdir. O, insan əlinə, içinə düşdümü yandırır, qarsalayır... Şeir - coşqun çayların sahillərini birləşdirən körpüdür. Bu körpü lal sularda olmur. Bu - dəli, şaqraq, saf sularını yalçın qayalardan atan şəlalələrdə, özünü sahillərə çırpa-çırpa dənizlərə doğru həsrətlə can atan çaylarda olur. Şeir - çöldə-çəməndə çiçək-çiçək, qönçə-qönçə, ləçək-ləçək uçan arının xortumundakı baldır, şirədir, məlhəmdir... Arılar da şairlər kimidir. Zəhmətkeş, çalışqan, bolluq yaradan bir məxluq. Arı zəhmət çəkib bal toplayırsa, şairlər də söz bolluğu yaradaraq əsərlər yazırlar... Şeir - bəxtimizə yazılan aydır, gündür, dəqiqədir, andır... Bu anlar, dəqiqələr birləşərək sinəmizdə vəfasız illərin sinəsinə yazacağımız şerin misralarını yaradır... Görürsünüz, bir andan da şeir yarana bilir. Şeir - güzgüdür. Həyat güzgüsü. Bu güzgüdə hər kəs özünü görə bilər və özünün necə adam olduğunu düşünər... Şeir - həyatdır. Onun Havası da var, Suyu da! Pis şeiri (mən ona heç şeir deməzdim) oxuyanda mən elə bil ki, havasız bir yerdə otururam. Yaxşı şeiri oxuyanda isə sanki uca Ləlvərin (Borçalıda dağdır) əsrarəngiz zirvəsindən ucu-bucağı görsənməyən şahanə Borçalı ellərinə boylanaraq bu gözəl tarixi Vətənimizi sevmək, sevmək ... onun gözəl hüsnünə şirin-şirin qoşmalar, gəraylılar, bayatılar... qoşmaq istəyirəm. Bu istək məndə hər an yarana bilər, çünki mən hər an yaxşı şeirin sorağındayam... Nizami Məmmədzadə, AYB-nin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti www.gaxa.ge