Vallah-billah nəsə demək istəyirəm, amma demirəm... (felyeton əvəzi)

Vallah-billah nəsə demək istəyirəm, amma demirəm. Ona görə ki, demək istədiklərimi hamı bilir və bilirsə, düşünürəm ki, maraqlı olmaz. Amma bu barədə heç kim demək istəmir, çünki elə düşünürlər ki, kimsələr onları qınayar! Ona görə, demirəm! Çünki deyən kimi çoxlarının əhvali-şərifi pozulacaq. Bu pozulmaq da onlara kifayət qədər zərər vuracaq! İndi mənim demək istədiklərimi oxumaq üçün bəziləri çox düşünəcək və bu düşüncələr onların başını ağrıdacaq və demədiklərimi oxumamışdan mənə salam verməyəcəklər. Məni bu arada çox təəccüb bürüyüb! İnanın ki, əvvəllər mənə salam verən və baş əyib doyunca tərifləyən bəzi-bəzi adamlar heç mən tərəfə baxmaq istəmirlər və mən olan məclisdə əllərini yeməyə də uzatmırlar. Ay can, ay can! Mənimsə iştaham çox artır! Çünki mənim boğazımda heç nə qalmayır və mən öksürmürəm. Onlar isə məni görən kimi udqunur və boğazlarında nəsə qalır. Ye, qadası, ye deyirəm! Belə olan tərzdə onu da təəccüb bürüyür ki, birdən mən nəsə deyərəm və o heç vaxt çörək yeyə bilməz! Ye, qadası, ye... İştahan artıq olsun, sən yeməyə öyrəşibsən!... Vallah-billah nəsə demək istəmirəm! Gedin özünüzü nümunə göstərin! Ortalıqda sizlər varkən mən nəsə desəm, üzümə durarsınız ki, bu əsl jurnalist yalan deyir!.. Vəzifəli adamlar "reket" jurnalistləri çox sevirlər. Biri pul verir, biri isə alır və onların heç biri öz sirlərini başqasına açmırlar. Çünki biri xalqın "reket"idir, o birisi isə jurnalistlər içində "reket" titulu alıb. Onların bacardıqlarını başqaları bacarmadığı üçün onların gördükləri iş ortada görünmür! Yalan deyən və pula həris insanlar isə sözü bişirib ağızları yana-yana söyləyirlər və jurnalistin qələminin "ərazisinə" düşmək istəmirlər. Seçkilər ərəfəsində də namizədlərin bəziləri bir-birinə salam yox, rüşvət verirdilər! Rüşvət isə çox pis üsuldur. Bəzi "reket" jurnalistlər isə bu üsuldan bolluca istifadə edirlər. Mən Azərbaycanda deyil, Gürcüstanda yaşayan və fəaliyyət göstərən "reket" jurnalistlərdən də söz açıram. Onları isə bəzi pullu və vəzifəli şəxslər çox pis öyrədiblər! insafən, onların başına "sığal" çəkən yoxdur və onlar meydanda "namərd" mənəm deyə xoruzlanırlar!... Vallah-billah nəsə demək istəyirəm, amma demirəm. Bu dediklərim isə "tərif" sayağı sözlərimdir. Bilmək istəyirəm ki, bir-iki cümlədən ibarət sözlərim kimlərəsə təsir edəcəkmi, etməsə mən bilərəm, onlar bilər. Bu meydan, bu şeytan!.. Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti www.gaxa.ge